az
Orxan Pamuk

Qara Kitab

Уведоми ме, когато книгата е добавена
За да прочете тази книга, качете я във формат EPUB или FB2 в Bookmate. Как се качва книга?
  • Məhəmməd Tanhuцитирапреди 8 години
    ORXAN PAMUK
    Qara Kitab

    Aylinə
    «İbn Ərəbinin olmuş hadisə kimi danışdığına görə, gəzəri dərvişlərdən olub ruhlar tərəfindən göylərə çıxarılan dostu bir dəfə dünyanı əhatə eləyən Qaf dağına çatıb, onu da ilanın dövrəyə aldığını görüb. Bu gün dünyanı əhatə eləyən belə dağ və onun ətrafında belə ilan olmadığı məlumdur».
    İslam Ensiklopediyası

    BİRİNCİ HİSSƏ

    BİRİNCİ FƏSİL
    QALİB RÖYANI İLK DƏFƏ GÖRƏNDƏ

    «Epiqrafdan istifadə eləməyin, çünki yazıdakı sirri öldürür!»
    Adil
    «Belə öləcəksə, onda sən də sirri öldür, sirr satan yalançı peyğəmbəri öldür!»
    Bəhri 1
    Röya yatağın başından ayağına qədər uzanan mavi damalı yorğanın çökəkləri, kölgəli vadiləri və mavi yumşaq təpələriylə örtülü ləzzətli, ilıq qaranlıqda üzüqoylu uzanıb yatırdı. Bayırdan qış səhərinin ilk səsləri gəlirdi: tək-tük keçən arabalar, köhnə avtobuslar, piroqsatanla əlbir olan sələbçinin2 səkiyə dəyib-qalxan güyümləri, marşrut taksi dayanacağı nəzarətçisinin fiti. Otaqda göyümsov pərdələrin soldurduğu qurğuşun rəngli qış işığı vardı. Qalib yuxunun ağırlığıyla arvadının mavi yorğandan qırağa çıxan başına baxdı: Röyanın çənəsi yastığın quş tükünə batmışdı. Alnının qövsündə həmin məqamda beynində baş verən möcüzəli şeylər barədə insanda qorxuyla maraq oyadan gerçəklikdənkənar bir cəhət vardı. «Yaddaş, – Cəlal bir köşə yazısında yazmışdı, – bir bağçadı». «Röyanın bağçaları, Röyanın bağçaları... – o vaxtlar Qalib fikirləşmişdi, – fikirləşmə, fikirləşmə, qısqanarsan!» Amma Qalib arvadının alnına baxa-baxa fikirləşdi.
    İndi yuxunun sakitliyinə çökmüş Röyanın qapıları bağlı bağçasının söyüdləri, akasiyaları, asma gülləri, günəşi altında gəzişmək istərdi. Orada rast gələcəyi sifətlərdən utanıb qorxa-qorxa: «Sən də buradaydın, salam!» Bilib gözlədiyi acı xatirələr qədər, gözləmədiyi kişi kölgələrini də maraqla, əzabla görüb: «Bağışlayın, qardaşım, siz arvadımla harada rastlaşıb tanış olmusunuz?» «Üç il bundan qabaq sizin evinizdə, Əlaəddinin dükanından aldığı xarici moda jurnalında, birgə getdiyiniz orta məktəb binasında, əl-ələ tutduğunuz kinoteatrın girəcəyində...» Xeyr, bəlkə də Röyanın yaddaşı bu qədər qarmaqarışıq, qəddar deyildi; bəlkə də yaddaşın qaranlıq bağçasının günəş düşən yeganə küncündə indi Röyayla Qalib qayıq gəzintisinə çıxmışdılar. Röyagil İstanbula köçəndən altı ay sonra Qaliblə Röya qabaqulaq olmuşdular. O vaxtlar bəzən Qalibin anası, bəzən Röyanın gözəl anası Suzan bibi, bəzən ikisi birdən Qaliblə Röyanın əllərindən tutub, qənbər döşənmiş yollarda titrəyən avtobuslarla Bəbəyə, ya da Tarabaya qayıq gəzintisinə çıxardılar. O illərdə mikroblar yox, dərmanlar məşhur idi: Boğazın təmiz havasının uşaqların qabaqulağına3 yaxşı təsir eləyəcəyinə inanırdılar. Səhərlər dəniz durğun, qayıq bəyaz, eyni qayıqçı həm də dostanə olurdu. Analarla bibilər qayığın arxa tərəfində, kürəkləri enib-qalxan qayıqçının arxasında gizlənən Röyayla Qalib qayığın burnunda yan-yana oturardılar. Qayıqdan dənizə uzanan, bir-birinə oxşayan ayaqlarının, incə biləklərinin altından ağır-ağır dəniz axardı; yosunlar, yeddi rəngli mazut ləkələri, kiçik, yarışəffaf xırda daşlar, üstündə Cəlalın yazısı olub-olmadığını görmək üçün baxdıqları oxunaqlı qəzet parçaları.
    Qalib Röyanı ilk dəfə görəndə, qabaqulaq olmamışdan altı ay qabaq yemək masasının üzərinə qoyulan taburetdə oturmuşdular, birgə saçlarını vurdururdular. O vaxtlar uzunboylu, Duqlas bığlı dəllək həftənin beş günü evə gəlir, babanın üzünü taraş eləyirdi. Bu, ərəbin və Əlaəddinin dükanının qabağında qəhvə növbələrinin uzandığı, neylon corabların qaçaqmalçılar tərəfindən satıldığı, İstanbuldakı 56-cı il modeli «Şevrolet»lərin getdikcə çoxaldığı, Qalibin ibtidai məktəbə getdiyi, «Milliyyət» qəzetinin ikinci səhifəsində həftədə beş dəfə «Səlim Qaçmaz» adıyla yazan Cəlalın yazılarını diqqətlə oxuduğu vaxt idi, amma oxumaq-yazmağı öyrəndiyi vaxt deyildi; çünki oxumaq-yazmağı iki il qabaq atasının anası öyrətmişdi. Yemək masasının küncündə oturardılar: nənə ən böyük sehri, hərflərin birbirinə necə vurulacağını xırıltılı səslə eşitdirəndən sonra ağzının qırağından əskik eləmədiyi «Bafra» papirosunun tüstüsünü üfləyir, tüstüdən nəvənin gözləri yaşarır, əlifbadakı həddən artıq iri at da maviləşib canlanırdı. Altında at olduğu yazılan iri at topal susatanın, oğru köhnə paltar satanın arabalarının sümüklü atlarından böyükdü. Qalib o vaxtlar bu sağlam əlifba atının üstünə rəsmin üzərinə töküləndə onu canlandıran sehrli dərmandan tökmək haqqında fikirləşirdi, amma sonralar ibtidai məktəbin ikinci sinfindən başlamasına izn vermədiklərindən bir də məktəbdə eyni atlı əlifbayla oxuyub-yazmağı öyrənəndə bu istəyini mənasız sayacaqdı.
    O vaxtlar baba nar rəngli şüşədəki o sehrli dərmanı, söz verdiyi kimi, küçədən gətirə bilsəydi, Qalib məhlulu Birinci Dünya müharibəsinin balonları, topları, palçıqlı ölüləriylə dolu köhnə və tozlu «İllüstration» məcmuələrinin, Melih əminin Parisdən və Mərakeşdən yolladığı poçt açıqcalarının, Vasifin «Dünya» qəzetindən şəklini kəsdiyi, uşağını əmizdirən oranqutanın, Cəlalın qəzetlərdən kəsdiyi qəribə insan sifətlərinin üzərinə tökmək istəyərdi. Amma artıq baba bərbərin yanına getmək üçün belə küçəyə çıxmırdı; bütün günü evdəydi. Yenə də küçəyə çıxıb dükana getdiyi günlərdəki kimi geyinirdi: bazar günləri uzanan saqqalı kimi boz rəngli, gen yaxalı köhnə ingilis pencəyi, tökülən şalvarı, qol düymələri, atanın dediyi kimi, qaytana oxşayan məmur qalstuku. Ana «qalstuk» deməz, «kalstuk» deyərdi – əvvəllər ananın ailəsi daha varlı olduğuna görə. Sonra anayla ata babadan hər keçən gün biri də yıxılan, boyası tökülmüş köhnə taxta evlərdən söz açan kimi danışardılar; bir az sonra babanı unudub, bir-birilərinə səslərini qaldırmağa başlayanda Qalibə sarı çevrilərdilər: «Sən çıx yuxarı, get oyna, tez ol». «Liftləmi çıxım?» «Təkbaşına liftə minməsin!» «Təkbaşına liftə minmə!» «Vasiflə oynayımmı?» «Yox, hirslənir!»
    Əslində, hirslənməzdi. Vasif fağırın, dilsiz-ağızsızın biriydi, amma mənim yerdə sürünəndə «gizli keçid» oynadığımı, yataqların altından keçərək mağaranın yanına, mənzilin qaranlığının dibinə çatıb, düşmən sipərlərinə qazdığı tuneldə pişik səssizliyi ilə irəliləyən əsgər kimi yetişdiyimi, onunla zarafat eləmədiyimi başa düşərdi, amma sonra gələn Röyadan başqa, o birilər bunu bilməzdilər. Bəzən Vasiflə birlikdə uzun-uzadı pəncərələrdən bayıra, tramvay yoluna baxardıq. Beton evlərin beton eyvanının bir pəncərəsi dünyanın bir başı olan cameyə, bir pəncərəsi də o başı olan qız liseyinə baxırdı: arada polis məntəqəsi, iri şabalıd ağacı, künc, Əlaəddinin şaqqaşaq işləyən dükanı vardı. Dükana girib-çıxanlara tamaşa eləyəndə, gəlibkeçən arabaları bir-birimizə göstərəndə Vasif birdən həyəcanlanıb yuxusunda şeytanla əlbəyaxa olan kimi xırıltılı, dəhşətli səs çıxaranda mən özümü itirər, qorxardım. Onda azacıq arxamızda, nənəylə üzbəüzdə baca kimi papiros tüstülədib radionu dinləyə-dinləyə yeganə ayağı qısa kreslosunda oturan baba ona qulaq verməyən atamın anasına: «Vasif yenə Qalibi qorxutdu», – deyərdi, maraqdan çox, vərdiş elədiyinə görə soruşardı: «Baxaq görək neçə maşın saydınız?» Amma «Dodge», «Pakkard», «Desoto», «Şevrolet»lərin sayına dair verdiyim məlumatları belə eşitməzdilər.
    Nənəylə baba səhərdən axşama qədər açıq duran, üzərində türk itlərinə oxşamayan qalın tüklü, sakit it heykəlciyinin yatdığı radiodan mahnıları, xarici musiqini, xəbərləri, bank, ətir, milli lotereya reklamlarını dinləyəndə daim danışırdılar. Çox vaxt heç dinmədiyinə görə alışdıqları diş ağrısından söz açan kimi, hələ ata bilmədikləri üçün günahı bir-birinin üzərinə yıxıb, biri boğulan sayaq öskürməyə başlayanda, o biri əvvəlcə qələbəylə, nəşəylə, sonra narahatlıqla, hirslə haqlı olduğunu elan eləyə-eləyə əllərindəki papiroslardan şikayətlənərdilər! Amma bir azdan biri əməlli-başlı hirslənirdi: «Bir papirosum var, onsuz da, ilişmə mənə, sən Allah!» Sonra qəzetdən oxuduğunu əlavə eləyərdi: «Adamın əsəblərini sakitləşdirir!» Bəlkə onda bir az susardılar, amma dəhlizdəki divar saatının tıqqıltılarının eşidildiyi sükutlar çox çəkməzdi. Əllərinə yenidən aldıqları qəzetləri xışıldadanda, günortadan sonra kart oynayanda danışardılar, evdəkilər axşam yeməyinə, birgə radio dinləməyə gələn vaxt da, qəzetdə Cəlalın köşə yazısını oxuyandan sonra da: «Yazı sı nın altına öz imzasını atmasına izn versəydilər, – baba deyərdi, – bəlkə ağlını başına yığardı». «O boyda adam, – nənəsə köksünü ötürərdi, həmişə verdiyi bu sualı ilk dəfə verən kimi, sifətində sə mimi maraq ifadəsi soruşardı: – yazısının altına öz adını qoymasına icazə vermədikləri üçünmü belə pis yazır, yoxsa elə pis yazdığı üçünmü yazısının altına öz adını qoymasına icazə vermirlər?» «Heç olmasa, – baba ikisindən birinin aradabir əl atdığı təsəllidən yapışıb deyərdi, – altına imzasını atmasına icazə vermədiklərinə görə bizi rəzil elədiyini çox az adam başa düşür». «Heç kəs başa düşmür», – onda nənə Qalibin həddən artıq səmimi olmadığını dərk eləyəcəyi tərzdə dillənərdi. «Həmin yazılarında bizim haqqımızda söz açdığını kim deyir ki?» Onda, sonralar Cəlalın hər həftə oxucularından yüzlərlə məktub aldığı günlərdə, bəzi iddialara görə, arzularla yaşadığına görə, bəzi iddialara əsasən, qadınlardan, siyasətlə məşğul olmaqdan vaxt tapmadığına görə, bəzi iddialara görə isə adi tənbəllikdən bir azca dəyişdirib bu dəfə öz təntənəli adıyla yenidən çap etdirəcəyi o yazılardan birinə əvvəllər yüz dəfə təkrarladığı bir cümləni bezginlik, qeyri-müəyyən saxtalıq duyğusuyla təkrarlayan ikinci dərəcəli teatr aktyoru kimi deyinən baba: «Siz Allah, ev yazısında bizim evdən söz açdığını kim bilmir ki!» – deyərdi, nənəm də susardı.
    O vaxtlar baba sonralar daha tez-tez görəcəyi o yuxu barədə yeniyeni söz açmağa başlamışdı. Bütün gün bir-birilərinə təkrarladıqları əhvalatlar kimi, babanın hərdənbir gözləri parıldaya-parıldaya danışdığı yuxusu da maviydi; mavi yağış yuxuda arasıkəsilmədən yağdığına görə babanın saç-saqqalı elə hey uzanırdı. Nənə yuxu əhvalatını səbirlə dinləyəndən sonra: «Bərbər bir azdan gələr», – deyərdi, amma bərbərdən söz açılanda baba sevinməzdi. «Çox danışır, çox sual verir!» Mavi yuxunun və bərbərin sözündən sonra Qalib babanın bir-iki dəfə zəifləyən nəfəslə belə dediyini də eşitmişdi: «Başqa bir yerdə, başqa birini də tikdirəcəkdik. Bu ev uğursuz çıxdı».
    Çox sonralar, mərtəbə-mərtəbə satdıqları «Şəhriqəlb» binasından4 bir başqasına köçəndən, binaya ətrafdakı oxşar başqa binalarda olduğu kimi, xırda hazır paltar satanlar, gizlicə abort eləyən qadın həkimləri, sığorta ofisləri yerləşəndən sonra Əlaəddinin dükanının qabağından hər dəfə keçəndə Qalib evin iyrənc, tutqun görkəminə baxıb, babanın bu sözü nəyə görə deyə biləcəyi ilə maraqlanmışdı. Qabaqca Avropa və Afrikadan, sonra da İzmirdən İstanbula – evə qayıtması illər çəkən Melih əminin üzünü bərbər hər dəfə qırxanda maraqdan çox, ağzı öyrəşdiyinə görə babadan soruşduğunu («əfəndim, böyük oğlan Afrikadan nə vaxt qayıdır?»), babanın da bu sualdan, bu mövzudan xoşlanmadığını bildiyinə görə Qalib babanın yaddaşındakı uğursuzluğun ən böyük, ən qəribə oğlunun əvvəlki arvadını, ilk oğlunu bir gün atıb başqa ölkəyə getməsi, yeni arvadı, yeni qızıyla (Röya) qayıtmasıyla maraqlandığını hələ o vaxtlardan sezərdi.
    Bina tikdirməyə başlayanda Melih əmi hələ buradaymış, Cəlalın Qalibə xeyli sonralar danışdığı kimi, şirniyyatçı Hacı Bəkirin dükanıyla, rahatluqumlarıyla rəqabət apara bilmədiyinə görə, nənənin qaynatdığı heyva, əncir, albalı mürəbbələrini rəflərinə düzdükləri bankalarda satacaqlarını bildiklərindən qabaqca qənnadı dükanına, daha sonra kafeyə çevirdikləri Sirkəçidəki şirniyyat dükanından, Qaraköydəki «Bəyaz əczaxana»dan gələn atası, qardaşlarıyla görüşmək üçün o vaxtlar hələ otuz yaşına girməmiş Melih əmi də içində vəkillikdən çox, dava elədiyi köhnə məhkəmə qovluqlarının səhifələrinə qurğuşun qələmlə gəmi, adam yaşamayan ada rəsmləri çəkdiyi ofisindən axşamüstü çıxıb Nişantaşıdakı inşaat yerinə gələr, pencəyini, qalstukunu çıxarıb, qollarını çırmalayıb işin axırına yaxın candərdi qurdalanan fəhlələrini qızışdırmaq üçün işə girişərmiş. Avropa üsullu şirniyyatçılığı öyrənmək, şabalıd şirniyyatını qablaşdırmaq üçün naxışlı kağız sifariş etmək, fransızlarla birgə rəngli, balonlu vanna sabunu emalatxanası açmaq, həmin vaxtlarda Avropa və Amerikada yoluxucu xəstəliyə tutulmuş kimi dalbadal iflasa uğrayan fabriklərin maşınlarını və Halə bibi üçün ucuz qiymətə pianino almaq, kar Vasifi yaxşı qulaq və beyin həkiminə göstərmək üçün kiminsə Fransa və Almaniyaya getməli olduğunu Melih əmi həmin vaxtlarda deməyə başlayıb. İki il sonra Vasiflə Melih əmi daha sonralar Qalibin nənəsinin qutularının birində gül suyu qoxusu gələn şəklini gördüyü, Cəlalın səkkiz il sonra Vasifin qəzet kəsikləri içində Qara dənizdə gəzəri minaya toxunub batdığı barədə oxuduğu rumın gəmisiylə («Tristana») Marselə gedəndə ev tikilib qurtarmışdı, amma hələ köçməmişdilər. Bir il sonra Vasif təkbaşına qatarla Sirkəçiyə qayıdanda «təbii ki» (bu son sözü bu məsələ açılanda Qalibin illərlə sirrini, səbəbini çözə bilmədiyi vurğuyla Halə bibi deyərdi) hələ lal-karmış, amma qucağında əlli il sonra böyük-böyük nəvələriylə hələ də dostluq eləyəcəyi, ilk vaxtlar yanından heç uzaqlaşa bilmədiyi, bəzi vaxtlar həyəcandan nəfəsi tutulmuş halda, bəzi vaxtlar da sakitcə gözlərindən yaş axa-axa tamaşa edəcəyi yapon balıqlarıyla dolu bərk-bərk yapışdığı akvarium varmış. Həmin məqamlarda Cəlalla anası sonralar erməniyə satılan üçüncü mərtəbədə yaşayırdılar, amma Paris küçələrindəki ticarət araşdırma gəzintilərinə davam edə bilsin deyə Melih əmiyə pul yollamaq lazım gəldiyindən bir ara sandıq otağı kimi istifadə olunan, daha sonralar yarımənzilə çevrilən o kiçik, uzaq axırıncı mərtəbəyə çıxıb yerləşiblər ki, öz mənzilləri kirayə verilsin. Melih əminin Parisdən yolladığı şirniyyatdüzəltmə, tort təsvirləriylə sabun, ətir düsturları, bunları yeyən, istifadə edən artistlərin, balerinaların şəkilləri ilə dolu məktublarla içindən nanəli diş məcunu, şabalıd şirniyyatı, likörlü şokolad nümunələri, oyuncaq yanğınsöndürən, gəmiçi papağı çıxan bağlamalar seyrəkləşməyə başlayanda anası Cəlalı götürüb ata evinə qayıtmağı planlaşdırırmış. Bu qərara gəlib, Cəlalla birgə mənzildən çıxıb, vəqflərdə kiçik məmurluq eləyən atasıyla anasının Ağsaraydakı köhnə evinə qayıtmasına qərar verməsi üçün Dünya müharibəsinin başlanması, ardınca Melih əminin Binqazidən onlara üzərində qəribə məscid minarəsiylə təyyarənin göründüyü poçt açıqcası yollaması lazımmış. Arxasında ölkəyə qayıdış yollarının minalandığı yazılan bu qəhvəyi-ağ poçt açıqcasından, müharibədən çox sonra getdiyi Mərakeşdən başqa qara-ağ poçt açıqcaları da yollayıb. Beləcə, nənəylə baba Melih əminin Mərakeşdə tanış olduğu bir türk qızıyla evləndiyini, gəlinin Məhəmməd nəslindən gəldiyini, yəni seyyidə olduğunu, qadının çox gözəl olduğunu sonralar üzərində silah tacirlərinin, casusların eyni bar qadınlarına vurulduğu Amerika filminin də çəkildiyi kolonial hotelin əllə rənglənmiş şəkli görünən poçt açıqcasından öyrənmişdi (çox sonralar, hotelin ikinci mərtəbəsinin eyvanlarında dalğalanan bayraqların məxsus olduğu ölkələrdən baş açdığı illərdən də çox sonralar bu poçt açıqcasına bir daha baxanda Qalib bir anlığa Cəlalın «Bəyoğlu quldurları» hekayələrində istifadə etdiyi üslubla düşünüb, Röyanın ilk toxumunun atıldığı məkanın bu kremli tort rəngli hotelin otaqlarından biri olduğu qərarına gəlmişdi). Bu poçt açıqcasından altı ay sonra İzmirdən gələn açıqcanısa Melih əminin yolladığına heç cür inanmayıblar, çünki artıq Türkiyəyə qayıtmayacağını düşünürlərmiş: yeni arvadıyla birgə xristian olduqları, Keniyaya gedən bir qrup missionerə qoşulub, orada şirlərin üçbuynuzlu cüyürləri ovladığı bir vadidə Ay və xaçı birləşdirən məzhəbin kilsəsini qurduqları barədə dedi-qodular varmış. Gəlinin İzmirdəki qohumlarını tanıyan bir həvəskar adamın gətirdiyi xəbərsə Melih əminin müharibə vaxtı Şimali Afrikada gördüyü gizli işlər (silah ticarəti, krala rüşvət verməsi və s.), axırda milyonçu olduğu barədəymiş, gözəlliyi dillərdə dastan olan arvadının nazına dözə bilmədiyindən onu məşhurlaşdırmaq məqsədilə Hollivuda birlikdə gedəcəklərmiş, gəlinin şəkilləri indidən ərəb-fransız jurnallarında çap olunurmuş və s. Amma Melih əmi evində həftələrlə mərtəbə-mərtəbə dolaşan, gerçəkliyindən əmin olmaq üçün qəlpliyinə şübhə duyulan pullar kimi orası-burası dırnaq uclarıyla qazınıb cızıq-cızıq edilən poçt açıqcasında vətən həsrətinə dözə bilməyib yatağa düşdüyünü, beləcə, Türkiyəyə qayıtmaq qərarına gəldiklərini yazırmış. «İndi» yaxşıymışlar, İzmirdə əncir və tütün tacirliyi edən qayınatasının işlərini yeni, modern maliyyə anlayışı müzakirə edirmiş. Qısa müddətdən sonra ərəbcəsindən də qarışıq yazıyla yolladığı açıqcasa bəlkə də sonralar bütün ailəni dinməz müharibəyə sürükləyəcək pay problemləri üzündən hər mərtəbədə başqa cür şərh edilib, amma sonralar Qalibin də oxuduğu kimi, Melih əmi çox da dolanbac olmayan dillə yaxında İstanbula qayıtmaq istədiyini, bir də bir qızı olduğunu, amma adını qoymaq barədə qərara gələ bilmədiyini bildirirmiş...
    Röyanın adını Qalib ilk dəfə likör dəstlərinin saxlandığı bufetin güzgüsünün qırağına nənəsinin ilişdirdiyi poçt açıqcalarından birində oxumuşdu. İri güzgünü ikinci çərçivə kimi dövrələyən, aradabir babanı hirsləndirən bu kilsə, körpü, dəniz, qüllə, gəmi, came, çöl, piramida, hotel, park, heyvan görüntüləri arasına Röyanın İzmirdə çəkilmiş körpəlik, uşaqlıq şəkilləri də ilişdirilmişdi. O vaxtlar Qalib özü yaşında olduğu söylənən əmisi
  • zamin muslumovцитирапреди 4 години
    Buna görə də əsnəyəəsnəyə yayılan dəniz ərazilərinin dibindəki nəhəng mağaralara dəniz suları boşalmağa, eyni tektonik qımıldanmalar nəticəsində də Cəbəllütarix, Çanaqqala və İstanbul boğazlarının səviyyəsi yuxarı qalxmağa başlayıb.
  • Vusal D-ovцитирапреди 5 години
    «Epiqrafdan istifadə eləməyin, çünki yazıdakı sirri öldürür!»
fb2epub
Плъзнете и пуснете файловете си (не повече от 5 наведнъж)